Simin Səbri: İran qanunları qadının ibtidai hüquqlarını da kişinin əlinə tapşırır

Siyasi fəal və psixiatr həkim Amerikanın Səsi ilə söhbətdə İranda “mehr” (kişinin evlənərkən həyat yoldaşına vəd etdiyi pul) və boşanma haqqı ilə əlaqədar mübahisələri şərh edib.

“Deyildiyinə görə, bu mehr (mehriyyə) kişilərin tələsik boşanma qərarı verməsinə mane olmaq üçündür. Çünki, kişidir ki, boşanma haqqına sahibdir. Və ya bunun üçündür ki, qadın kişidən ayrılandan sonra mehr pulu ilə dolanışığında böhran yaşamasın,” o, söyləyir.

Səbri İranın şəriət qanunlarında qadının ibtidai hüquqlarının da evləndiyi kişiyə tapşırıldığını önə çəkir:

“İran hüquq sistemində hələ də ənənə və şəriət hökm sürür və siz ailə qanunlarını silkələsəniz, kişiyə üstünlük verən və qadının ən ibtidai insan haqlarını belə kişinin əlinə tapşıran qanunlar ilə doludur. Qadının təmkin və itaətindən, səyahət icazəsi, uşaq qəyyumluğu, boşanma haqqı, bunların hamısı kişinin ixtiyarındadır.”

Simin Səbri nikah zamanı qadına ödəniləcək bir məbləğinin təyin edilməsinin təhqiredici olduğunu qeyd edir. Amma o, hesab edir ki, qadının ziddinə olan digər qanunlar ləğv edilmədən, “mehr” qanunu da ləğv edilməməlidir.

Mehrin özü əyriliklər ilə dolu qanunlar içində bir qanundur… Amma bir tərəfdən də İranda yoxsulluq həddindən aşağıda yaşayan əhalinin çoxu qadınlardır. Çünki, eyni işlərdə çalışdıqları zaman belə gəlirləri kişilərdən aşağı olur. Ona görə, nadir halarda olur ki, yaxşı təhsilli və ya varlı xanımlar mehr məbləğindən imtina edə bilirlər. Amma, o qadın ki, evində pulsuz çalışıb və bədəninin zəif və yaşlı zamanında da heç bir ödənişi, heç bir sığortası yoxdur, həyat yoldaşı tərəfindən qapının önünə qoyulduğu zaman haraya gedəcək? Bu xanım mehr almasa nə iş görə bilər o yaşda. Bu məsələ də var ki, kişilər qanuna görə istədikləri zaman həyat yoldaşlarının çalışmasına mane ola bilirlər,” Simin Səbri əlavə edir.