Yunus Şamili: Müxaliflər arasında ittifaqlar İranın gələcəyi üçün arzulanan siyasi alternativlər əsasında qurulmalıdır
Siyasi şərhçi Yunus Şamili Amerikanın Səsi ilə söhbətdə son vaxtlar İranlı müxalifət qüvvələri arasında siyasi hegemonluğu ələ almaq yönündə rəqabətlər və manevrləri dəyərləndirib.
Yunus Şamili hesab edir ki, Rza Pəhləvi tərəfdarlarının onu beynəlxalq ictimaiyyətdə İran xalqının təmsilçisi kimi tanıtdırmaq istiqamətində başlatdıqları kampaniya, bu təşəbbüsə qarşı olan müxalifətdəki demokrat qüvvələrin birbirlərinə yaxınlaşmasına yol aça bilər.
Yanvar ayının 17-dən bəri İranın son şahının oğlu Rza Pəhləvinin tərəfdarları sosial mediada “mən vəkalət verirəm” haştaqı ilə yazılar paylaşaraq, Rza Pəhləvini beynəlxalq ictimaiyyətdə İran əhalisini təmsil etmək üçün vəkil təyin etdiklərini elan etməyə başlayıblar.
“İranın siyasi arenasında boşluq var. Yəni mərkəzdə və çevrədə ciddi səlahiyyətli partiyalar yoxdur və siyasi hegemonluqda boşluq var. Bu durum, təbiətən siyasi cərəyanlara manevr [qabiliyyəti] və özlərinə mövqe qazanmalarına fürsət verir. Rza Pəhləvi və onun tərəfdarları da bu boşluqda manevr etməyə imkan tapıblar,” Şamili söyləyir.
Keçən dekabr ayının 31-də xaricdə yaşayan bəzi tanınmış iranlı müxaliflər, o cümlədən Rza Pəhləvi, siyasi fəal Hamid İsmailiyun, keçmiş futbolcu Əli Kərimi, aktrisalar Gülşiftə Fərahani və Nazənin Bünyadı və dissident jurnalist Məsih Əlinejad Twitterdə birgə mətn paylaşaraq 2023-cü ili “İranda azadlıq və ədalətin bərqərar olacağı il” olaraq adlandırıblar.
Yunus Şamili müxalifət qüvvələri arasında siyasi rəhbərlik üçün rəqabətin o mətnin paylaşılması ilə gündəmə gəldiyini deyir:
“Bu mövzu bir neçə nəfərin tvit atması ilə başladı və şəxslərin siyasi rəhbərlik qazanmaq üçün bir təşəbbüsü kimi alındı. Bilirik ki, mərkəz mediası (farsdilli media) çox ciddi şəkildə Rza Pəhləvi və onun ailəsini təbliğ edir. İndi bu vəkalət kampaniyası da [o təşəbbüsün] ikinci mərhələsidir. Yəni, tanınmış şəxslər, futbolçular dedilər ki, ‘vəkalət verirəm Rza Pəhləviyə’. Bu mənada ki, ona İranda gedən bu etirazların və ya inqilabın nümayəndəsi mövqeyi versinlər.”
İranın türk, ərəb, kürd, bəluç, lur və türkmən kimi qeyri-fars icmalarına mənsub siyasi fəallar, eləcə də cümhuriyyətçi, solçu və feminist qüvvələr müxalifətdə siyasi rəhbərliyi ələ keçirmək yönündə təşəbbüsləri tənqid edirlər. Onlar, bu təşəbbüslərin İslam Respublikasına qarşı mübarizəyə zərər verdiyini önə çəkir.
Yunus Şamili isə deyir ki, “vəkalət” kampaniyası kimi təşəbbüslər qarşı tərəfdə olan demokrat qüvvələrin bir-birinə yaxınlaşmasına yol açıb.
“Bu vəkalət məsələsindən öncə cəhdlər bu yöndə idi ki, sağdan sola qədər bütün siyasi tendensiyalar bir araya gəlsinlər. Amma, bu Rza Pəhləvi və tərəfdarlarının [vəkalət kampaniyası] demokrat kəsimləri bir-birinə yaxınlaşdırdı. Yəni cümhuriyyətçilər olsun, qeyri-fars xalqların gücləri və hətta başqa qruplar, o cümlədən Xalqın Mücahidləri bir-birlərinə yaxınlaşdı… Buna görə, bu son hadisə nəticəsində mərkəzdə və çevrədə demokrat cərəyanların bir-birinə yaxınlaşmasını mən müsbət dəyərləndirirəm.”
Şamili müxalif qüvvələr arasında mümkün ittifaqlara diqqət çəkərək deyir ki, İran müxalifətində ittifaqlar və fərqli siyasi blokların yaranması İranın gələcəyi üçün arzu edilən siyasi alternativ əsasında olmalıdır.
“Bugün qurulan ittifaqlar gələcək üçün arzu edilən siyasi sistem və ya siyasi alternativ əsasında qurulmalıdır… İranın gələcəyi üçün forma olaraq üç alternativ meydandadır; krallıq, cümhuriyyət və federal cümhuriyyət. Amma, məzmun və içərik olaraq iki alternativ var; təmərküzləşən sistem və təmərküzləşməyən sistem. Ona görə, bu gün İran rejimini devirmək istəyən qüvvələrin iki bloka ayrılması lazımdır. Birisi, təmərküzləşən bir siyasi sistem istəyənlər, ikincisi təmərküzləşməyən sistem istəyənlər bir araya gəlməli və İran rejiminin devrilməsində rol oynamalıdırlar. Bu iki blok, yeri gələndə taktiki ittifaqlarla bəzi işlər görə birlərlər. Amma bir arada olmaları böyük yanlışlıq olar və böyük xətalara, hətta toplumda şübhələrə yol aça bilər,” deyə Yunus Şamili əlavə edir.
https://www.amerikaninsesi.org/a/6937868.html