Məqsud Fəzli Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, türk fəal iyulun 30-da 100 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.
Məqsud Fəzli, habelə iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə nəzarət altına alınan digər fəallar “milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə ediləcəklər.
İyulun 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə tutulan fəallardan Həkimə Əhmədinin hələ də nəzarətdə saxlanıldığı bildirilir.
Keçən həftələr ərzində Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar Təbriz, Urmiyə, Ərdəbil və Tehran kimi şəhərlərdə Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etdilər. Həmin gün bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alındı.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, tutulan fəallar təhlükəsizlik qurumunda saxlanıldıqları zaman işgəncəyə məruz qalıb. Təbrizdə tutulan fəalların həbsxanada sorğu-sual edildiyi zaman evlərində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparıldı.
VOA