سايير حركتلر

İYİRMİ YAŞINDA BİR MƏKTƏB: “VARLIQ” - Əlirza Ərdəbilli

cavad heyet

"Bu məqalə böyük ustadımız Prof. Dr. Cavad Heyətin dünyanı tərk etməsi nədəniylə yenidən yayınlanır"

 

Xalqımızın mətbuat tarixinə baxanda, fərəhli hisslərlə bərabər, bir kədər hissi də adamın sorağına gəlir. Mətbuat orqanlarımızın çoxunun ömrü, quş ömrü kimi qısa olmuşdur. Son illərdə xaricdə nəşr olunan mətbuat da bu qaydadan kanarda qalmamışlar, amma biz bu gün qürur hissi ilə, “Varlıq” dərgisinin 20 illiyini bu ocağın təməlini qoyan və onu daima alovlu, işıqlı saxlayan ziyalılarımıza təbrik deyirik.


Təbrik deyə- deyə də fikirləşirik: İyirmi il...!? nədir bu müəmmanın rəmzi? Hansı yana- yana əriyib, amma tükənməyən vücudların səmərəsidir bu varlıq? Kimlər bu işığı bizə ərməğan etməkdə özlərini fəda etmişlər? Bu kimi suallar qarşısında varlıq dərgisinin redaksiya heyəti və ciyər güşəsi kimi bu vücudu boya- başa çatdırıb, 20 yaşlı olmasını Türk aləminə əyan edən Dr. Cavad Heyət yada düşür.

          Bu 20 illik həyatın barlı- bəhrəli olduğu hər mədəniyyət adamına aydın olduğu halda, onun doğrudan da bir möcüzə olduğu anlamaq və bu möcüzənin nədən və necə mümkün olduğunun sirrlərini ifşa etməyi, ancaq İran Türkləri bacara bilərlər. Axı bu dərgi, öz doğma dilində yazıb oxumuş Türklərə, “bir dərgi” kimi görünə bilər, amma “Varlıq”-ımızın “bir dərgi” olmadığını biz yaxşı anlayırıq. Yox, bu kiçik bir sözdür, biz “Varlığımızın” böyüklüyünü ifadə etməkdən aciz bir söz, bir isə onu möcüzə adlandırmalıyıq. Bu məqalənin məzmunu elə həmin möcüzəni açmaqdır.

          Varlıq fırtınalı bir dünyaya göz açdı. Hər nə dəyişirdi, heç kəs sabahın haqqında fikirləşə bilmirdi, yad və tanış ideologiya modda idilər, doğma mədəniyyətin qayğısını ya çəkən yox idi ya da ondan ya da ideologiyaların bər- bəzəyi kimi istifadə olunurdu. Yadların söylədiyi halda, cavanlarımız özümüz və doğmalarımıza yadcasına yanaşardılar. ədəbi dilimiz bağlı və kiçik ziyalı məhfillərinə tanış idi. Quzeydəki bacı- qardaşlarımıza qarşı bacı- qardaşlıq münasibəti göstərmək “moda” sayılmırdı. O tayda yaşayan yarımıza müstəqil bir varlıq kimi hansısa bir ideologiyanın yaratdığı cənnət vəya hansısa ideologiyaların xoşuna gəlməyən bir yer idi. İdeologiyalar və siyasi bloklardan müstəqil bir mədəni- milli baxışla, Şimala baxmaq heç adi və yayılmış bir hal deyildi. Quzeyə qarşı belə münasibətlərin bəslədiyi halda, uzaq ölkələrdə yaşayan dildaşlarımıza bəslənən münasibətlərin nə yerdə olduğunu zənn etmək olar. Bütün bunlardan əlavə milli mədəniyyətimizin ayrı- ayrı sahələri haqqında olan və yayılan məlumat, materiallar və qaynaqlar çox kasıb bir durumda idilər.

          Varlıq məktəbi tək başına bu dözülməz şəraitə qarşı mübarizə bayrağını qaldırdı. “Məktəb” sözü ilə burada Dr. Heyət vs. Varlıqçıların, Varlıq-ın nəzdində və ondan müstəqil yazıb- yaratdıqları əsərləri birlikdə nəzərə alıram. Bu məktəb öncə yeni üfuqların işığı və prespektivini tərsim edib, sonra bu üfuqlara doğru addım- addım, sayı- sayı, kitab- kitab və əsər- əsər yaxınlaşmağa başladı. Bir cavan ömrü qədər çalışmaların nəticəsi əhəmiyyətli nailiyyətlər olmuşdur. Bu nailiyyətləri 3 önəmli sahədə izah etmək olar:

  1. Milli Fikrin Formalaşması
  2. Ədəbi Dilin Yayılması
  3. O tay Bu Tay Məsələsi
  4. Şüar Vermək Yerinə Təsir Qoymaq Sehrinə Malik Olmaq
  5. Şinel, Post Qutusu və Məktəb!
  6. Körpü
  7. Xülasə

Varlıq məktəbi İran Türklərinin öz milli mədəniyyətlərinin taleyi ilə maraqlanmalarını hansısa ideologiyaya bağlılıqdan azad etdi. Heç bir siyasi fikri nə dəstəkləməyib, nə belə bir fikrə qarşı durmadan Azərbaycançılıqla hər hansı bir siyasi fikrin arasından bərabərlik işarəsini silməyə müvəffəq oldu. Bu iş bu məktəbin aparıcı qüvvələrinin bu fikir istiqlalına sədaqətlə inanmadıqları halda mümkün ola bilməzdi. Bu prinsipə olan inamın sədaqətinə Varlıq redaksiyası və işçi heyətinin tərkibini sübut gətirmək olar. Hamıya məlum olduğu kimi Varlıqçıların arasında müxtəlif dünya görüşləri və hətta müxtəlif nəsillərin nümayəndələrini görmək olar. Xaricdə tam demokratik ölkələrin çox əlverişli atmosferində bir- birilərini anlayıb, bir- biriylə yola gedə bilməyənlər yəqin ki, bu işin Tehranda olduğunun nə boyda müvəffəqiyyət olduğunu yaxşı anlayırlar. Varlıq məktəbi eyni halda bizim mənəvi dünyamızın coğrafiyasını bizə tanıtdırmaqla bizim dünya xəritəsində durduğumuz yerin kardinatları ilə bizi tanış etdi. Bu işdə D.r Heyət cənablarının artıq klasik bir əsər olduğunun elm aləmində səbt olunmasına dost- düşmən etiraf etmiş “Seyr-i dər Tarix-e Zəban və Ləhceha-ye Torki” adlı əsərinin xidmətləri böyük olmuşdur. Müəllif bu əsərdə alqışlara layiq elmi bir şəhamətlə, hər bir ideologiyanın modda olub- olmamasından, hər hansı siyasi fikrin məzənnəsindən asılı olmayaraq, mənəvi dünyamızda yerləşən bütün mədəniyyətlərlə bağlı hadisələr və bu zəminlərdə Türk dili və ləhcələrinin bütün incəliklərini və coğrafiyasını açıb, aydınlaşdırır.

Başqa tərəfdən İranda rəng bə rəng damğalarla boyanıb, unudulmuş fikir sahibləri və dəbiyyat və mədəniyyət xadimlərimizin adları və əsərləri Varlıq-ın səhifələrində tanıdılıb, öz oxucularını Mhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Almas Ildırım, Əli bəy Hüseynzadə vs. unudulmuş dahilərimizlə tanış etdi.

Varlıq-ın göz açdığı dünya təkcə fırtınalı deyildi, bu dünya həm də İran Türklərinin öz dil və mədəniyyətlərinə qarşı ən qaranlıq fitrət dövranının sonuna təsadüf edirdi. Pəhləvi rejiminin qanlı- qadalı illərində cavanlarımız əgər fikir baxımından okiyanların o biri taylarında yerləşən ölkələriylə öz doğma yurdlarından artıq tanış idilər, öz ədəbi dilləri ilə heç tanış deyildilər. Bu dövranda Savak-ın(Savak: şah dönəmində İranda istixbarat təşkilatının adıdır) radio- televiziyası vasitəsiylə yaratdığı əslində pıqın və kreol bir dil olan “Türk Dili” İran Türklərinin “əsil dili” və bizim ədəbi dilimiz “Torki-ye Bakuyi”!?(Bakı Türkcəsi) adlanırdı. Varlıq, böyük mətanətlə ana dilimizin ədəbi şivəsinə sadiq qaldı. Amma bu məktəbin bu sahədə gördüyü işin böyüklüyü bununla bitmədi. Varlıq. ədəbi dilimizin aydınlıq və şəffaflığını göstərib, hər səhifəsini ədəbi dilin nə qədər təbii olduğuna bir sənəd kimi araya qoydu. Dr. Heyət, Dr. Məhəmməd Əli Fərzanə, Prof. Dr. Həmid Nütqi, Prof. Həmid Məhəmməzadə və onlarla bərabər bir çox yazıçı və ədiblərin qələm əsərləri ədəbi olmaqla bərabər son illərdə xaricdə araya çıxan qondarma “dil” nümunələrindən fərqli olaraq, axar su kimi rəvan və körpə uşaq üçün ananın tanış olduğu kimi tanış idi. Bu təbiilik cavanlarda ədəbi dilə qarşı həvəs oyadıb, onları ana dillərinin ədəbi şivəsini öyrənməyə tərğib edirdi. Daha şah rejimi və onun qulluğunda olan cin tutanlar və taleyə baxanların iddia etdiyi kimi Bakı, Təbriz, Ərdəbil dili yox, şifahi danışıq dili və ədəbi yazı dili anlamları yerinə düşdü. Bu uğuru təkcə ədəbi dilin daxili gücünün hesabına yazmaq olmaz. Çox elmi və düzgün məsələlər kütlə arasında çox çətin çıxırlar. Adəta kütlə tanış olduqları qeyri- elmləri(anti elmləri) elmin çətinlik və yadlığından rahat qəbul edir. Budur ki Varlıq-ın  ədəbi dilimizin papularlaşmasında olduğu rolu çox böyük olmuşdur. İşarə olduğu kimi bu işdə Varlıq-ın səhifələrində adlı- sanlı dilçilər, alimlər və ədiblərimizin imzasından yaranan avtoritet mühum rol oynamışdır. Yoxsa biz bu gün İran Türkləri arasında bir ədəbi dil növü və az- çox vahid imla qaydaları yerinə, min bir əcibə dil şivəsi və dirnaqarası alimlərin hərc-ü-mərclərinə şahid olardıq.

Varlıq elə birinci sayısında Bəxtiyar Vahabzadənin “Ana Dili” şeirini verməklə, mədəniyyət və xüsusiyylə Azərbaycan mədəniyyətinin siyasət və siyasi sərhədlərə tabe olmadğını elan edib, bütün bu 20 ildə bu prinsipə sadiq qaldı. Sonralar Varlıq həm Şimali Azərbaycan xalqının istiqlal mübarizəsini izləyib, onun haqlı olduğunu müdafiə etdi, həm də Erməni təcavüzlərinin bütün təfərrüatı haqqında məlumat verməklə insanların bir- birinə bağlılığını heç bir sərhəd qırmağa qadir olmadığını nümayiş etdirdi. Hər nədən önəmli Varlıq bütün sayılarında o taylı bu taylı qələm sahiblərinin əsərlərini verməklə bu rabitələrin təbii olduğunu göstərmişdir. Başqa bir fakt kimi Varlıq-ın daimi həmkarları arasında Prof. Həmid Məhəmmədzadə, Prof. Qulamhüseyn Bəydili kimi o tayda yaşayıb, təhsil almış alimlərimizin canlı və fəal hüzurunu qeyd etmək olar. Qeyd etmək lazımdır ki, bu illərdə Sovetin dağılmasıyla gəl- get gündən- günə artmış, amma Varlıq-ın səhifələrinin şəhadət verdiyi kimi bu dərgi ehtiyatla hadisələrin arxasından yox, bəlkə bu sahədə öz zamanından irəlidə olmuş və buna görə də qabaqcıl, mütərəqqi və novator sözlərinə təmamiylə layiqdir.

Varlıq-ın birinci dəfə ayaq basdığı dünyanın başqa əlamətlərindən biri də şüar vermənin modluğu və kəskin şüarların bolluğu idi, amma bu fakta baxmayaraq Varlıq qışqırıb, çığır- basır salmaq yerinə, izah və iqna yolunu seçmişdir. Varlıq öz oxucu audutoriyasıyla, özü arasında harmonik bir münasibət yaradır, onların inamları və psikolojiləri ilə müharibəyə qalxmır, onlarla birlikdə elm, həqiqət və mədəniyyət aləmində seyrə çıxır və bu seyrin faydalı olduğu sözsüzdür. Bu nöktəyə təkid etmək yəqin bir sıralarına yersiz görünə bilər, amma bəzi acı təcrübələri nəzərdə alsaq, Varlıq-ın bu müvəffəqiyyətinin təmamiylə diqqəyə layiq olduğunu görə bilərik. Gerçəklik budur ki, bəzi mətbuat orqanları bütün çəkilən zəhmətlərə rəğmən təəssüflə öz oxucuları və onların psikoloji və dünya görüşləriylə ziddiyyətdə olub, nəticədə heç bir iz buraxmağa müvəffəq olmamışlar. Yuxarıda işarə olunan Varlıq uğurlarının hər 3 əsas sahəsində bir prinsipə sadiq qalmağı görmək olar. Hər 3 planda Varlıq öz oxucularıyla müştərək dil tapmaq və onların zəkalarına yol açmaq kim önəmli işdə müvəffəq olmuşdur. Buna görə də Varlıq-ın gördüyü işin əhəmiyyətini anlamaq üçün kağızlarda səbt olmuş sözlərin toplusu heç düzgün ölçü ola bilməz. Varlıq möcüzəsinin nə kimi möcüzə olduğunu görmək üçün, onun buraxdığı iz və daha da önəmli bu izlərin dərinliyini görməkdir. Yoxsa elə melodran sinema filmləri də öz publikinə “təsir” qoyur. Bu baxımdan Varlıq-ın qoyduğu təsir çox əhəmiyyətlidir və zənn etmək olar ki, bir neçə nəsil bu təsirin xəbərini görə biləcəkdir.

Varlıq məktəbinin ən uzun müddətli təsirini yəqin ki, burada tərbiyə olmuş gənc istedadlarda görmək olar. Bu məktəb gənc nəslin yad və tanış, amma hər halda doğma olmayan ideologiyaların hörümçək torlarında çobaladıqları illərdə dünyaya göz açmasına işarə oldu. Zaman keçdikcə bu ideologiyaların iç üzü cavanların gözünə də görsənməyə başladı və nəhayət Berlin divarının yıxılmasında simvolizə olan tufan qopdu. Bütün bu böhran illərində Varlıq, öz varlığını zəmanənin bədlərindən qoruyub və gənc nəsli xalqımızın varlığının keşiyində durmağa çağırırdı. Bu da təsirsiz qalmayıb, Azərbaycanlı və qeyr-i Azərbaycanlı Türklərin gəncliyi arsında çox sayılı milli fikirli ziyalılığın yaranmasına səbəb olmuşdu. Varlıq məktəbinin hətta bu gün öz qınlarını bəyənməyənlər arasında da təsiri sözsüz olmuşdur.

Rus yazıçıları arasında Nikolay Qoqolun “Şinel” adlı novelinin özündən sonrakı Rus ədəbiyyatçılarına qoyduğu təsirə görə, belə bir ifadə var: Biz hamımız Qoqolun “Şinel”inin altından çıxmışıq! Şimali Azərbaycan yazıçıları da Mirzə Cəlil Məmmədquluzadənin “Post Qutusu” adlı birinci novelinin özündən sonrakı Azərbaycan yazıçılarına qoyduğu təsirə görə belə bir ifadə var: Biz hamımız Mirzə Cəlilin “post Qutusu”ndan çıxmışıq! Məncə İranın Azərbaycanlı və qeyr-i Azərbaycanlı Türk ziyalılarının son nəsli də qürurla belə bir ifadə etməlidir: Biz hamımız “Varlıq Məktəbi”ndən çıxmışıq!

Yuxarıda Varlıq-ın o tay bu tay Azərbaycan arasında körpü rolu oynadığına işarə oldu, amma bu məktəb daha geniş bir anlamda körpü rolu oynamışdır.  1946(1325)-cı ildən sonra Azərbaycan ziyalılarının böyük bir qismi İranda öldürülüb, ya da uzaq yerlərdə sürgün olmuşdur. O tay Azərbaycana pənah gətirənlərin də baş bilənləri ya Seyid Cəfər Pişəvəri kimi öldürülüb ya da Sibir çöllərinə sürgün olmuşlar. Bu illərdən sonra İranda Azərbaycan üçün ən qaranlıq dövr başlayır. Xoşbəxtliklə 32 Təbrizin süqutundan sonra, şah rejimi devrildi. Bu qanlı- qadalı illərin faciələrindən can qurtaran ziyalılarımızın sayıları bir- iki əlin barmaqlarından artıq deyildi. Ancaq şah rejimi devrilərkən Azərbaycan gənclərinin böyük əksəriyyəti ya dünya proletaryasının əllərindən əsarət zəncirini qırmaq istəyirdi ya da təbəqəsiz tövhidi camiə arzusunda idi. İran əhalisinin ikinci dərəcəli vətəndaş kimi yaşamaqda olan Türk yarısını bu gənclik ya görmürdü ya onların dərdlərinin dərmanını də öz mədinə-yi faziləsində tapacağına inanırdı.

Zaman keçdikcə, bu gənclik özünü və öz millətini tanımağa başladı. Öz həyatını, öz millətinin xoşbəxtlik və azadlığına sərf etmiş ziyalılarında nümayəndələrinin İranda olanlarının bu gəncliklə təması çox lazım idi. Qədimdən deyiblər ki: od öz kökü üstündə bitər! Elə buna görə də bu iki nəslin kontaktı çox faydalı və lazım idi. Varlıq bu rolu boynuna alıb, ləyaqətlə öhdəsindən gəldi. İşarə olduğu kimi Varlıq-çıların arasında həm Burucerd- Xürrəmabad sürgünündən qayıdanlar var idilər, həm Sibrinin ölüm düşərgələrindən can qurtaranlar. əgər Varlıq-ın bu rolu olmasaydı, onda ata- babalarımızın təcrübələrini, dərslərini bilən bir az sayıda alimin hansı platformda yeni yetmə nəsillə kontaktları necə mümkün olacaqdı?

Varlıq, həssas və tüfanlı bir zamanda işə başlamağına baxmayaraq, öz davamlılığı və hər tərəfli fəaliyyəti ilə Azərbaycan mətbuat tarixi və Cənubi Azərbaycanın təfəkkür tarixi və tarixi təfəkkürünün formalaşmasında misilsiz rol oynamışdır. Başqaları üçün hər dərgi bir “dərgi”dirsə, bizim üçün uzun illər boyu Varlıq yeganə dərgi olmuşdur. Bununla belə Varlıq-ın işinin əzəməti onun yeganəliyində yox, onun gördüyü iş və özündən buraxdığı izlərdədir. Uzaq görənlik və düzgün yol tutmaq əlbəttə bu dərgini yaradan insanların alimliyi və dərin zəka sahibi olduqlarından irəli gəlmişdir. Bu aşkar bir həqiqətdir ki, məzlum millətlərin bacardıqları hər böyük işi, bir neçə böyük qurban təzmin etməlidir. Varlıq-a gəldikdə bu qurban olmaq Dr. Cavad Heyətin payına düşmüşdür. Məlumdur ki, Varlıq-ın bu 20 illik həyatı əslində Dr. Heyət cənablarının özü və ailəsinə borclu olduğu vaxt və imkanların hesabına mümkün olmuşdur.

          Tribun-un redaksiyası bu dərginin 1-ci sayısını Dr. Heyət və Prof. Nütqiyə ithaf etmişdir. Dərgimizin hazırkı sayısını da Varlıq-ın başqa həmkarı Dr. Məhəmməd Əli Fərzanə cənablarına təqdim etmişik. Bir dərginin bir şəxsə ithaf olması mənasız və təsadüfi bir iş ola bilməz. Tuxarıdakı sətirlər, Tribun-un 1-ci cə 4-cü sayılarının ithaf olması kimi simvolik bir işdə yatan müəmmanın açması kimi görünməlidir.

 

Tribun Dərgisi,

4-cü sayı, Qış 1999